Xoreoqrafiya Akademiyasında Respublika Gününə həsr olunmuş sərgi açılıb

0
290

Mayın 27-də Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın İncəsənət fakültəsi və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 may -Respublika Gününə həsr olunmuş “Zəriflik” adlı fotoqrafika sərgisi açılıb.

Terefsiz.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgində 40-dan çox əsər nümayiş edilib.

Tədbiri giriş sözü ilə BXA-nın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova açaraq sərgisi haqqında məlumat verib.

Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxış edərək bildirib ki, bu sərginin əsas iştirakçıları yenicə açılmış incəsənət fakültəsinin yeddi tələbəsi və Fotoqraflar Birliyindən olan əməkdaşlardır. Tələbələrlə keçirilən ustad dərslərindən sonra əsas məqsəd akademiyanın həyatını çəkmək olub. “Adətən Xoreoqrafiyanın üzvlərini səhnədə görürük ancaq onların həyatı məhz buradan başlayır”, – deyə əlavə edib.

Fotoqraf belə layihələrin gələcəkdə də, hətta digər universitetlərdə də reallaşacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Sərgidə çıxış edən Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu il Azərbaycan Fotoqraflar birliyinin 20 ili tamam olur. Rəssam-fotoqraflarımız ölkədə və ondan kənarda keçirilən sərgilərdə uğurla çıxış edirlər. Belə sərgilərin əhəmiyyəti ondan ibarətdir ki, burada yaşlı nəsillə birgə cavanlar da iştirak edir.

Tədbirdə sərgidə iştirak edən rəssam-fotoqraflar AFB tərəfindən sertifikatlar, Rəssamlar İttifaqı tərəfindən isə diplomlarla təltif olunublar.

Sonda sərgiyə baxış keçirilib. Biri-birindən maraqlı şəkillər sərgiyə gələnlərin marağına səbəb olub.