Tutulan müavinin bu gün ad günü imiş – YENİ FAKTLAR

0
247

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə tutulan onun birinci müavini Ramiz Tatarovun ad günü imiş.

Terefsiz.az Lent.az-ın veriyi məlumatına istinad edərək bildirir ki, Tatarov 62 yaşını təntənəli sürətdə qeyd etməyə hazırlaşırmış.

Məlumata görə, bu gün üçün o, iki böyük tort sifariş etdirib, birinin üstünə ad gününə işarə olaraq “62” yazılıb və 62 ədəd şam qoyulub, digərinin üstünə isə “Varlığın bizim üçün hədiyyədir” yazılıbmış.

Xatırladaq ki, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. O, tutulana kimi elə bu kənddə yaşayıb.

Məlumata görə, Tatarovun ad günü ilə bağlı böyük ziyafət də təşkil olunacaqmış. Artıq iki gün imiş ki, Ağstafa şəhərini girəcəyində yerləşən və Tatarova məxsus “Samovar” restoranında ziyafət hazırlığı gedirmiş. Bu gün isə ora qapalı olub, işləməyib.

Onu da qeyd edək ki, hələ beş il əvvəl Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında da bildirilib.

Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesabat sənədində nöqsanlara yol verən üç nəfərə, o cümlədən, rayon İH başçısının birinci müavininə (Ramiz Tatarov), bir şöbə müdirinə və bir mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

istinad:oxu.az