” Təklikdən qorxan qadının təkliyi… ” – BƏNÖVŞƏ MAHMUDQIZI

0
605

Tanımadığım, ilk dəfə gördüyüm adamının evində rəngsiz bir çay içdim, komendant saatında…

Həmişə yanından keçdiyim dayanacaqda tez – tez bir pişik oturur. Soyuq hava idi. Yenə heyvan yemi almışdım. Onu görüb, yemək verdim ona.

Yaşlı qadın da məni müşahidə edirmiş, özü yaxınlaşdı mənə. Əvvəl kasıb və yeməyə ehtiyacı olan biridir kimi düşündüm. Amma mənəvi cəhətdən bu sualı verməyə imkan verməyəcək qədər qürurlu idi. Həmin sualı vermədim mən də.

Başladı danışmağa… Mən onu dinlədikcə, onun da xoşuna gəlirdi. Ürəyi yaman dolu idi. Məni buraxmaq istəmirdi.
Hava soyuq qadın üşüyür… Sözdə bacısı oğlunu gözləyir, bacısı oğlu da gələcək, gəlməyəcək bəlli deyil. Gənc oğlandır, Allah bilir harda ilişib qalıb…

Ən çox qızı kimi sevdiyi gəlinindən danışırdı. Bəlkə də oğlundan çox sevmişdi onu. Gəlini həyat yoldaşı ilə arasında olan problemə görə ( yaşlı qadına görə bu qısqanclıq davası idi ) özünü yandıraraq, intihar etmişdi. Gəlini bununla mehriban imiş, elə o gəlini ilə də hüzuru, rahatlığı da gedib bəlli ki… Yaşlı qadın gəlindən sonra və boş iki otaq qala – qala mətbəxin taxta divanında yatırdı. Gəlinindən sonra ortancıl oğlu da, evdə o, yata bilmədiyi yataq olan otaqda canını tapşırmışdı. Deyirdi, oğlundan sonra o yatağa yaxın durmur. Kimsə də yatmır o otaqda. Digər otaq isə qonaq otağı idi. Orda da yaşlı qadınla qalmaq üçün gələn qonaq yatırdı.

Yaşı çox deyildi, əslində. Amma çox yaşlı görünürdü. Hava da get – gedə soyuyurdu. Ona görə qadını evinə qədər aparmağı qərara aldım. Düşünmüşdüm ki, isti yerdə söhbətini davam etdirər.

Ev çöldən soyuq idi. Hər küncünə tənhalığın ağır havası, soyuqluğu, buzluluğu çökmüşdü. Qadın bu tənhalıqdan balaca mətbəxində gizlənirdi sanki. Mətbəx divanı həm əyri, həm də çox narahat idi. Buna baxmayaraq, qadın bu divanı özünə yataq seçmişdi.

Elə həvəslə mənə qulluq etməyə çalışır, qulluq edə – edə də danışırdı ki… Sanki doğulandan kimsə onu dinləməmişdi. Qüruru imkan versə, ” Ömürlük burda qal və məni dinləməyə davam et ” – deyərdi…

Mən onu dinlədikcə birdən, mənimlə üzbəüz qoyulmuş elektrikli mətbəx sobasının şüşəsində özümü gördüm. Qadın danışdıqca özüm ilə üz – üzə gəlməyim qəribə hiss yaratdı. Sanki həmin yaşlı və tənha qadın mənim gələcəkdəki ” tablom ” idi. Bu düşüncə məni qorxutdu. Sobanın şüşəsinə düşmüş əksim başqa birisi imiş kimi, başını yelləyib, düşüncələrimə incə təbəssüm ilə ” yox ” dedi. Ondan sonra sanki rahatlıq tapdım.Yaşlı qadını dinləməyə davam etdim.

Dayanacaqda rastlaşdığım qadınla evində olmaqla, saatlarla söhbət etdim. Nəticə etibarilə, mən də evə getməli idim.

Tək qalmaqdan qorxan, lakin nəinki təkliyə, tənhalığa məhkum olmuş yaşlı qadının gözlərində işıldayan ” Getmə, qal ” cümləsi çox aydın idi. Mən ona eşitmək istədiyi sözləri dedikcə, o da xoşhal olurdu;

” Sən artıq mənim dostumsan, xala. Mən səni tez – tez ziyarət edəcəm, zəng edəcəm. Sən də bizə qonaq gələcəksən, ailəmlə tanış edəcəm səni, söhbət etmək üçün daha çox adam olacaq ətrafında, özünə yaxşı bax “.

Bənövşə Mahmudqızı