Qazi İbrahimov Elşad Ələstan oğlu və şeirləri

0
298

Terefsiz.az xəbər verir ki,İbrahimov Elşad Ələstan oğlu (Elşad Kəlbəcərli),1984-cü ildə Kəlbəcərin Comard kəndində anadan olub.Orta təhsilini Kəlbəcər rayonunun 102 saylı orta məktəbində tamamlayıb.2003-cü ildə vətənə xidmətə yollanan Elşad,xidmətini tamamlamağa 4 ay qalmış,cəbhə bölgəsində düşmənlə üz-üzə səngərdə,düşmən tərəfindən atılan snayper gülləsi ilə başından yaralanıb.

Qazimiz 1993-cü ildə Kəlbəcər işğal olunan zaman ailəsi ilə birlikdə Goranboy rayonunda məskunlaşmışdır.Hal-hazırda 1-ci qrup Qarabağ əlili kimi Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində yaşayır.Vətən həsrəti onu şeir yazmağa məcbur etmişdir.

Elşad Kəlbəcərlinin bir neçə şeiri ilə tanış olaq:

Şəhid Anası

İçini göynədir bala yarası,
Bu yara sağalmaz dünya durunca.Deyirlər ağlamaz şəhid anası,
Ey şəhid anası, ağla doyunca.

Qəhrəman anası qara bağlamaz,
Bir ömür sızlayıb, matəm saxlamaz.
Göz yaşın məzara töküb ağlamaz,
Ey şəhid anası, ağla doyunca!

Söylənib, söylərəm bir daha, yenə,
Vətəndən yurd olmaz yoldan ötənə.
Canımız, qanımız qurban vətənə,
Ey şəhid anası ağla doyunca !

Harda şəhid qanı, şəhid ruhu var,
O torpaq olacaq güllü-gülüzar.
Şəhidi qoynuna vətən çağırar,
Ey şəhid anası, ağla doyunca !

Ağla, qurban olum göz yaşlarına,
Hüzünlü, qübarlı baxışlarına.
Bayrağa bürünmüş baş daşlarına,
Ey şəhid anası ağla doyunca !

Yağıya qoç balan çökdürübdür diz,
Pak Ruhu önündə baş əyirik biz.
Şəhidlər müqəddəs, şəhidlər, əziz,
Ey şəhid anası, ağla doyunca..!

Oğlun fəda olub döğma vətənə,
Mən-Qazi Elşad da oğulam sənə.
Səninçün cihada hazıram yenə,
Ağla canım Anam, ağla doyunca!…

ŞƏHİD ANASI

İllər boyu dərdə sinə gəlmisən.
Möhkəm ol deyirəm şəhid anası.
Kədəri gözlərdən duyub oxudum.
Sənə baş əyirəm şəhid anası.

Kədərli gözünə qaşına qurban.
Ağaran telinə qaşına qurban.
Belə ötüb keçən yaşına qurban.
Sənə baş əyirəm şəhid anası.

Oğlun geyinmişdi bayraq əynində.
Daşıdın tabutu özün çiynində.
Ağlından çıxmayır qalıb beynində.
Sənə baş əyirəm şəhid anası.

Həyatında kəsilib bir ömür solub.
Sevincin kədərlə göz yaşı olub.
Həsrətin ağrısı qəlbinə dolub.
Sənə baş əyirəm şəhid anası.

Bayatın var, laylan var dilində.
Yaralı sözlərin qəlbin içində.
Başın uca olub elin içində.
Sənə baş əyirəm şəhid anası..!

Türk oğluyam, Türkəm mən

Eşidin, dinləyin siz-ey yolunu azanlar,
Öz əliylə özünə, dərin quyu qazanlar.
Bu şeirimi oxuyan doğru düşünər, anlar,
Bilər ki, Od ərəm mən, Türk oğluyam, Türkəm mən!

Əsirlikdə qalmasın Xankəndim, nə Xocalım,
Müqəddəs vəzifəmdir düşmənimdən öc alim.
Üçrəngli sancağımla yenə qalxım, ucalım,
Tarixlərdə Öndərəm, Türk oğluyam, Türkəm mən!

Yurdumuzun üstündən qoy çəkilsin buludlar,
Hər elimdə çağlasın şən arzular, umudlar.
Görsünlər dağlarımda cövlan edir Boz Qurdlar,
Torpağıma səngərəm, Türk oğluyam, Türkəm mən!

Bir yanımda erməni, bir yanda ruslar, farslar,
Ətrafımı sarıbdır- şeytan, iblis, kabuslar.
Dar günümdə səsimə-səs verər türkmən dostlar,
Doğulandan əsgərəm, Türk oğluyam, Türkəm mən!

Bir millət, iki dövlət, amalımız eynidi,
Eyni ulus, eyni xalq-eyni iman, eyni dil.
Ey dünya, ey cahan dinlə məni, bunu bil:
Əşrəfǝm, altun-zərəm, Türk öğluyam, Türkəm mən!

Türk oğlunun əlində Musanın ər əsası,
Cəhənnəmdən bəd olar, yada Türkün qisası.
Ey xaçlılar eşidin, söyləyirəm, – qısası,
Duyun, nǝr oğlu – nǝrǝm, Türk oğluyam, Türkəm mən!

Dinləsin sözlərimi, rus, erməni, pis yağı,
Elşad Qazi tək deyil, vardır güvənci, dağı,
Zəfərlər müjdəçisi, şanlı Turan bayrağı,
Ərdoğantǝk sərkərdəm, Türk oğluyam, Türkəm mən!!!…

Tanrı Türkü qorusun

El obamda zəfər marşı çalındı.
Tanrı türkü, türk oğlunu qorusun.
Şanlı ordum indi açıq alındı,
Tanrı türkü, türk oğlunu qorusun.

Zülfüqarım ədalətçün ucaldı,
Haqsızlara haqq ödədən güc oldu.
Mənəm-mənəm deyənlərdən bac aldı,
Tanrı türkü, türk oğlunu qorusun.

Hər dığanın gora getdi bazarı,
Bǝdzatların qənim oldu azarı.
And yerinə döndü şəhid məzarı.
Tanrı türkü, türk oğlunu qorusun.

Nankor yağı qətrə-qətrə bölünür,
Türk görəndə vahiməyə bürünür,
Dil çıxarır, ilan təkin sürünür,
Tanrı türkü, türk oğlunu qorusun.

Canlarını sipər etdi şəhidlər,
Qoymadılar sönüb getsin ümidlər.
Bu ulusda tükənməzdir igidlər,
Tanrı türkü, türk oğlunu qorusun.

Neçə illik buxov, zəncir qırıldı,
Yeni növraq, yeni busat quruldu.
Sevin Elşad, türk qanımız duruldu.
Tanrı türkü, türk oğlunu qorusun…

terefsiz.az