Millimizdə rəzalət!

0
90

Azərbaycanın U-19 millisinin bəzi üzvləri bu günlərdə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada qalmaqallı hərəkətlər ediblər.

Terefsiz.az sportfm.az saytına istinadla xəbər verir ki, buna görə görə otel hətta AFFA-nı cərimələyib. Bildirilir ki, buna milli komandanın futbolçularının  oteldə siqaret çəkməsi səbəb olub. Hadisədən hiddətlənən otel rəhbərliyi təcili şəkildə federasiyasının işçilərinə durumla bağlı xəbər verib. Milli komandamızın inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərtilə yanaşı, məsələnin mətbuata sızdırılmaması üçün xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların günlük xərcindən çıxıb. Bu hadisə isə gizli saxlanılıb. Bununla da məsələ yerindəcə operativ şəkildə “həll edilərək”, bir daş altda, bir daş üstdə qoyulub. Bu özbaşınalığı ictimaiyyətdən gizlədənlər bilmirlər ki, bu hadisə birbaşa Azərbaycanın nüfuzuna vurulan zərbədir. Belə görünür ki, uzun illərdir xarici səfərlərə yollanan millilərimizin çox belə “şücaət”ləri olub, sadəcə hər dəfə AFFA rəhbərliyi həmin hadisələri gizlətməyə çalışıb.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Çexiyada xoşagəlməz hadisənin baş verdiyini təsdiqləyib. “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıblar. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar” – deyə bildirilib.