Dünya ədəbiyyatının inciləri Qismət Rüstəmovun tərcüməsində

0
4486

Oktavio Pas. Küçə

Bu sonsuz küçədə səs-səmir yoxdu.
Büdrəyib yıxılıram qaranlıqda mən;
qalxanda tapdayıram heç özüm də bilmədən –
Qupquru yarpaqları, dilsiz-dilsiz daşları.
Arxamda kimsə var, o da tapdayır:
Dayansam, duracaq, getsəm, gedəcək.
Çönüb baxıram ki, bir kimsə yoxdur.
Ətraf qaranlıqdır, çıxışı görmək olmur,
Kimsə yoxdur, mən isə fırlanıram, dönürəm,
amma sadiq dalanlar məni qaytarır yenə,
kiminsə arxasınca gizli-gizli düşdüyüm
o qaranlıq küçəyə.
O büdrəyir, yıxılır, qalxıb üzümə baxır,
Və sakitcə dillənir: “Heç kim yoxdur…”

P.S. Ədəbiyyat üzrə Nobel mükafatçısı (1990), meksika şairi.

 

Vladimir Sokolov.

Tanınmamaq – şərəfsiz, ləyaqətsiz iş deyil.
Bizdən ötrü çöllərdə qıpqırmızı qızaran,
O qaymaqçiçəyi də çox da tanınmış deyil,
Amma ruha qidadı, xəstəyə dava-dərman.

Par-par yanan paytaxtın cazibəli yolları,
Milyon-milyon kəndləri, torpaqları tanımır.
Tanınmır heç, tanınmır o yasəmən kolları,
Yasəmənlər şəfalı bulaqları tanımır.

Tanınmır şaxtada yol gedən həkim,
Gecənin yarısı buzların üstə.
Amma şərəfsizlik – pisdir, əzizim,
O şöhrət kimidir, üzdədir, üzdə.

 

Rene-Sülli-Prüdom. Tellər

Mən dünyanı sevsəm də, sıxılıram dünyada,
Sıxır məni bu dünya, elə bil ki, qəbirdi.
Sevirəm bu dünyanı, lap köləsi olsam da,
Dünya min-min qandaldı, dünya min-min zəncirdi.

Vuruldum bu dünyaya, valeh oldum həmişə,
Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim.

Doğulandan nəğməyə, şeriyyata qul oldum,
Təravətli çiçəktək nəğmə yığdım ovcuma.
Əzəldən şeir kimi gülənlərə vuruldum,
Zəncirlədim öpüşlə dodağımın ucuna.

Bu tellərdən asılıb bunca yaşanan illər,
Mən sevirəm onları, bu ki qəbahət deyil.
Azca titrəyən kimi bu zərif, kövrək tellər,
Özümdən bir parçanı itirirəm elə bil.

P.S. Ədəbiyyat üzrə ilk Nobel mükafatçısı, fransız şair.

 

Tərcüməçi: Qismət Rüstəmov