Dondurmadan donmayanlar…

0
954

İsti yay günləri əhvalımıza təsir etdiyi kimi, gündəlik rasionumuza da təsirsiz ötüşmür. Susuzluğumuzu yatırmaq üçün müxtəlif sərinləşdirici içkilər, eləcə də soyuq və çox dadlı dondurmalar qida rasionumuza daxil olub.

Dondurma həm kiçiklərin, həm də böyüklərin sevimli qidasıdır. Amma bir məqamı unutmayaq ki, dondurmanın tərkibi süddən və vitaminlərdən təşkil olunduğundan bəzən allergiyalı insanlara məsləhət görülmür.

Dondurmanın dəqiq yaranma tarixi müəyyən edilməsə də, hələ eramızdan üç min il əvvəl Çində məşhur olan bu desertin tərkibi buz, qar və müxtəlif meyvə hissəciklərindən ibarət olub. Çin imperatoru Tanqu buz və süd qarışıqlı dondurma reseptini yaratmışdır. Uzun illər boyu bu tərkib sirr kimi saxlansa da, on birinci əsrdə bu sirrin üstü açıldı.

 

Digər əfsanəyə görə şərqdə yürüş edən Makedoniyalı İskəndəri dondurmaya qonaq ediblər. Vətəninə dönən sərkərdə bu qidadan dadmaq üçün xüsusi öyrədilmiş qaçış qullarını dağlara buz və qar üçün göndərir.

Avropaya dondurma Marko Polunun Çinə səyahəsindən sonra gətirilib. İtalyan aşpazlar çinli həmkarlarından geri qalmayaraq, tərkibini uzun müddət heç kəsə açıqlamayıblar. Amma bütün sirrlər gec-tez açıldığı kimi bu desertin də tərkibi geniş kütləyə məlum olub.

Yekaterina Mediçi fransız kralı 2-ci Henriylə evlənəndə, İtaliyadan şəxsi aşpazı Bentalentini özüylə gətirir və yeni desert tez zamanda fransız əyanlarının sevimli yeməyinə çevrilir.  Bu səbəbdən də krallıq aşpazdan onun tərkibinin açıqlanmasını tələb edir. Tərkibin gizlin qalacağına söz verilsə də, resept bütün fransaya yayılır.

Əllə düzəldilən dondurma, 1846-cı ildən Nansi Conson tərəfindən ixtira edilən frizer adlanan dondurma aparatı vasitəsiylə hazırlanıb. İxtirasını patentləşdirə bilməyən Nansi Consonun əvəzinə onu, 1848-ci ildə Yonq qeydiyyatdan keçirərək, “Dondurma üçün Conson frizerinin patenti” adını ilk ixtiraçının şərəfinə adlandırıb.

1926-cı ildə frizer Klarens Voqt tərəfindən mükəmməlləşdirərək, dondurma istehsalatını yeni səviyyəyə qaldırdı. Frizer adi əl aparatından, avtomatlaşdırılmış aparata çevrildi.

Bir zamanlar tərkibinə görə dondurmalar yalnız dörd növə ayrılırdı. Müasir zəmanədə isə dondurnın növləri hər gün yenilir.

Qaymaqlı dondurma olan plombir, üçüncü Napeolunun hakimiyyəti dövründə fransanın Plomber şəhərində düzəldildiyi ehtimal edilir.

Eskimonun ilk hazırlanması Kristian Nelson tərəfindən olduğu güman edilir. Deyilənə görə Nelson dondurmanın ilk satışını kinoteatrda eskimoslar haqqında sənədli filmin nümaişi zamanı həyata keçirib.

Belə maraqlı yol keçmiş dondurma, ilin hər fəslində istənilən yaş kateqoriyasında olan insanların sevimli təamı hesab edilir.

Müəllif: Xanım Əliyeva