Bloklanan əmanətlər geri qaytarılır – Qərarın şərhi və detalları

0
3224

Konstitusiya Məhkəməsi aprel-may ayında bağlanmış bankların qorunan əmanətləri üzrə qərar qəbul edib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, hüquqşünas ekspert Əkrəm Həsənov mövcud qərarı şərh edib. Ekspert bildirib ki, qərarda bu bankların 30 apreldə məhkəmə tərəfindən müflis elan olunduğu deyilsə də, halbuki, əslində, həmin tarixdə yalnız 2 bank müflis elan olunub, digər 2 bank isə mayda müflis elan olunub. Bu isə texniki səhvdir.
Ə. Həsənov qeyd edir ki, qərar Mərkəzi Bank rəsmisinin vəd etdiyi kimi əmanətçilərin xeyrinə oldu:

“Qərar iki hissədən ibarətdir: Məlum olduğu kimi, üç bank (“Atabank”, “NBCBank” və “AGBank”) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qoyulan qadağaya (təshih tədbirinə) baxmayaraq vətəndaşlardan əmanət qəbul edib. Bu banklar bağlanandan sonra isə Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək onları kompensasiya etməkdən imtina edib. Konstitusiya Məhkəməsi isə bugünkü qərarında bildirdi ki, təshih tədbirinin (əmanətlərin qəbuluna qadağanın) tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Qərar belə əsaslandırılıb ki, “maliyyə bazarlarına nəzarət orqanının banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir”. Yəni, Mərkəzi Bank banklara elə nəzarət etməlidir ki, onlar onun qadağalarını pozaraq vətəndaşlardan əmanət qəbul etməsinlər.

Ekspertin sözlərinə görə, Məhkəmə həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsini xatırladıb: maliyyə bazarlarına nəzarət orqanı bankın əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir. Maliyyə bazarlarına nəzarət orqanı bunu etməyib. Lakin Məhkəmə məsələnin bu tərəfinə toxunmayıb. Buna görə də, bir sual açıq qalmışdır: tutaq ki, gələcəkdə yenə hansısa bank KİV-də bildirişi belə verilmiş qadağaya baxmayaraq əmanət qəbul etsə, həmin əmanət də qorunan hesab ediləcəkmi? Bugünkü qərarın hərfi mənasına görə həmin əmanət də qorunan sayılıb. Halbuki, bu, bir qədər məntiqsizdir”.

Hüquqşünas bildirir ki, ikinci məsələ yalnız “Atabank”la bağlıdır: ““Atabank”ın hansısa filialı bağlananda oradakı əmanətləri öz daxili sistemində digər filialına ötürüb və sistemində əmanətin qəbul tarixi kimi ötürülmə (miqrasiya) tarixini qeyd edib. Yəni vətəndaşla əmanət müqaviləsində əvvəlki, bankın daxili elektron sistemində isə sonrakı tarixdir. Bu əcaib səbəbə görə də, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri kompensasiya etməkdən imtina edib (guya sonrakı tarixdə qorunan əmanət faizi artıq aşağı olub). Halbuki, məsələnin sırf texniki səhv olduğunu özü də bəyan edib. Təbii ki, Konstitusiya Məhkəməsi qərarında bu cür əmanətlərin sığortalı olduğunu qeyd edib”.

“Sözügedən banklarda əmanətçilərin digər problemləri də var. Məsələn, mövcud əmanətlər üzrə sonradan edilmiş əlavə yatırımları da Əmanətlərin Sığortalanması Fondu kompensasiya etmir. Digər problemlər də var. Amma onlara dair Məhkəməyə sorğu edilməyib. Bu isə o deməkdir ki, əmanətini Fonddan ala bilməyən digər əmanətçilər özləri məhkəmələrə üz tutmalıdır”, – deyə ekspert vurğulayır.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” adlı qərarda iki qanunun adı çəkilir. “Banklar haqqında” Qanunla hər şey aydındır: söhbət təshih tədbirlərindən gedir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində isə cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunmayan əmanət olduğu vurğulanır. Ə. Həsənov qeyd edir ki, təshih tədbirinə baxmayaraq əmanət qəbul etmiş bankların heç birində problem faiz dərəcəsi ilə bağlı deyil: “Qərarın özündə də bu problem təsbit edilməyib. Ümumiyyətlə, 2.1.2.6-cı maddənin şərhi yoxdur. Deməli, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsi şərh edilməli idi. Amma heç o da şərh edilməyib, sadəcə xatırlanıb. Başqa sözlə, Konstitusiya Məhkəməsi əslində səlahiyyətinə uyğun olaraq heç bir maddəni şərh etməyib, faktiki olaraq adi rayon məhkəməsi kimi mülki mübahisəyə baxıb”.

Terefsiz.az