Başına 10 milyon dollar qoyulan yeni İŞİD lideri kimdir?

0
1985

Balaca “şahzadə”, “boz kardinal”, “professor” ləqəbli başkəsən…

İŞİD terror təşkilatı 2019-cu ilin payızından bu yana ən ağır dövrünü yaşayır. Qruplaşma İraq və Suriyada ələ keçirdiyi ərazilərin bir çoxunu itirib və cihad üçün demək olar ki, heç bir qüvvəsi qalmayıb. Liderləri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi terror təşkilatına vurulan ən böyük zərbə idi. Lakin heç bir həftə keçməmiş Bağdadiyə əvəz tapıldı. Yeni “xəlifə” qruplaşmanın ən qəddar və ən təhlükəli üzvlərindən olan Əbu İbrahim əl-Haşimi əl-Qureyşidir. “Dağıdıcı” ləqəbini alan Qureyşi kimdir, xilafəti necə idarə edir və təşkilatın əvvəlki gücünü bərpa etməyə qadirdimi?

İRAQIN BALACA ŞAHZADƏSİ 

“MediaPost” xəbər verir ki, İŞİD liderinin əsl adı Əmir Məhəmməd Əbdül Rəhman əl-Mövli əl-Səlbidir. 1976-cı ildə İraqın Naynava vilayətinin Tall-Afar şəhərində anadan olub. Adı müəyyən mənada taleyini də müəyyənləşdirib. Ərəb dilindən tərcümədə Əmir “şahzadə” və ya “rəis” deməkdir.

img

Gələcək terrorçu İraq türkmənlərinin ailəsində – qanlı döyüşlərin adi hal olduğu mühitdə doğulub boya-başa çatıb. Bu etnik azlıq İraqdan ayrılıb öz dövlətini yaratmaq uğrunda uzun illərdir mübarizə aparır. Bağdad onların müstəqillik istəklərini təmin edəcəyini vəd etsə də, türkmən muxtariyyəti heç cür yaradılmadı və bu məsələ ciddi şəkildə son dəfə 2007-ci ildə qaldırılıb. O vaxtdan milli azlığın nümayəndələri problemin hökumət səviyyəsində nadir müzakirələri ilə kifayətlənməli olublar. Eyni zamanda qonşuları kürdlərlə də mübarizə aparırlar.

Gənckən əl-Səlbi Mosula gedərək yerli universiteti bitirib. Orada İslam hüququnu, şəriət qanunlarını öyrənib. Məzun olduqdan sonra prezident Səddam Hüseynin ordusunda zabit olub və “Baas”ın (Ərəb Sosialist Dirçəliş Partiyası) sıralarına qoşulub.

Əl-Səlbinin dini təhsil qarşıda ona islamçıların sırasında layiqli yer tutmağa kömək edib. Lakin buna qədər o, hakimiyyətə xidmət edib və nisbətən sakit həyat tərzi sürüb. Bu həyat 2000-ci illərin əvvəllərində başa çatıb. Həmin vaxt ABŞ-ın rəhbərlik etdiyi koalisiya ölkəyə qoşun yeritmiş, Səddam Hüseyn devrilmiş və İraq xalqı sakitliyin nə olduğunu uzun müddətlik unutmuşdu. Belə bir şəraitdə təkcə türkmənlər yox, kürdlər də həyatda qalmaq uğrunda mübarizə aparmalı olmuşdular.

RADİKAL İSLAMA DOĞRU…

Çox keçmədən əl-Səlbi radikal İslama üz tutur. O, “Əl-Qaidə” terror qruplaşmasının İraq qolunun sıralarına qoşulur, ölkəsi və inancı uğrunda döyüşməyə hazır olduğunu bildirir. Mosulda aldığı təhsil burada işinə yarayır və o, şəriət vəkili, həmçinin dini məsələlər üzrə məsul şəxs olur. Lakin bu xidmət də uzun sürmür. 2004-cü ildə Əl-Səlbi ABŞ xüsusi xidmət orqanları tərəfindən tutulur və İranla sərhəddəki “Kemp-Bukka” düşərgəsinə aparılır.

img

Səhranın ortasında yerləşən bu düşərgə bir çox islamçıların qorxduğu yerdir. Amerikalılar bütün “şübhəli iraqlıları” bu düşərgəyə göndərirdi. Onların əksəriyyəti əl-Səlbi kimi, “Əl-Qaidə” üzvləri idi.

İslamçıları qorxuya salan “Kemp-Bukka”dakı saxlanma şərtlərinin ağır olması deyildi. Onlar bir daha silahdaşlarının yanına dönməyəcəklərindən və inancları uğrunda mübarizə apara bilməyəcəklərindən qorurxdular. Lakin sonda bu həbsxana islamçılar üçün ideal bir məkana çevrildi. Onu hətta İŞİD-in inkubatoru adlandırmışdılar. İŞİD-in ən təhlükəli radikalları və yeni ideyaların ilhamçıları məhz burada bir araya gəlmişdi.

“Əgər düşərgə olmasaydı, biz nə Bağdadda, nə də başqa bir yerdə belə toplaşa biləcəkdik. Bu, sadəcə təhlükəli olardı. “Kemp-Bukka” bizim üçün həm təhlükəsiz yer idi, həm də “Əl-Qaidə” rəhbərliyindən bir neçə metr məsafədəydik”, – deyə məhbuslardan biri xatırlayır.

BAĞDADİ İLƏ TANIŞLIQ…

İŞİD-in gələcək lideri Əbu Bəkr əl-Bağdadi də bu düşərgədə idi. O vaxt hələ o, İraqdakı “Əl-Qaidə”nin üzvü deyildi. Sadəcə axtarışda olan bir dostunu ziyarət edəndə həbs olunmuşdu. Sakit görünüşlü Bağdadi xüsusi diqqət çəkməmişdi deyə, onu təhlükəli şübhəlilər üçün nəzərdə tutulan sektora köçürməmişdilər. O, dini mövzularda mühazirələr oxuyur və əsirlərə İslamı qaydalara uyğun təlimatlar verirdi. Əl-Səlbi onunla bu cür tanış olmuşdu.

Əmirin nə qədər həbsdə olduğu dəqiq bilinmir. Tədqiqatçılar sərbəst buraxıldıqdan dərhal sonra onun “Əl-Qaidə” üçün işləməyə davam etdiyini, təşkilatda əvvəlki postları tutduğunu deyirlər. O, təşkilatın ideoloqlarından idi və “professor” ləqəbini almışdı.

Əl-Bədri də həbsdən sonra qruplaşmaya qoşuldu. O, əvvəlcə təbliğat strategiyasının hazırlanması ilə məşğul idi.  2014-cü ildə isə Əbu Bəkr əl-Bağdadi adı altında “xəlifə” oldu.

img

Əl-Səlbi digər hərbçilərlə birlikdə ona sədaqət andı içmişdi. Həmin vaxt İraqdakı “Əl-Qaidə” tamamən “İslam Dövləti”nə çevrildi. Qruplaşma “Əl-Qaidə”dən ayrıldı, bir neçə dəfə ad dəyişdirdi və Suriya ərazisindəki döyüşlərdə iştirak etməyə başladı.

XİLAFƏTİN QIZIL DÖVRÜ

2014-cü ildə İŞİD Suriyanın və İraqın şimalındakı əraziləri sürətlə ələ keçirdi. Məhz həmin ərazilərdə kürdlər öz dövlətlərini yaratmaq istəyirdilər. Bir ilin içində 3 milyondan çox iraqlı evini tərk etmək və təhlükədən qaçmaq məcburiyyətində qaldı. Onlardan təxminən bir milyonu kürdlər idi. Uşaqkən müxtəlif millətlər arasındakı davaları izləyən Əl-Səlbinin nəhayət, düşmənləri ilə döyüşmək imkanı yaranmışdı.

Tezliklə yüksək postların birini tutdu və ona daha bir ləqəb verildi – “dağıdıcı”. Getdikcə qəddarlaşan əl-Səlbinin “kafirləri” məhv etmək planları dəhşətli idi. O, 2015-ci ildə İraqda mindən çox yezidin (xristianlığı təbliğ edən bir etnik azlıq) məhvinə əmr verənlərdən idi.

O vaxt İŞİD özünün qızıl dövrünü yaşayırdı. Terrorçular Suriya və İraqdakı şəhərləri ələ keçirir, minlərlə mülki insanı qətlə yetirirdi. Mart ayında isə qruplaşmanın bir qolu da Qərbi Afrikada peyda oldu. “Boko Haram” təşkilatının rəhbəri Əbubəkr Şekau xilafətə sadiq olduğuna and içdi.

İŞİD-in QÜRUBU…

Terrorçular dünyanın hər tərəfindən tərəfdarlar cəlb etməyə və qara bayraqlarını görən hər kəsi vahiməyə salmağa müvəffəq olmuşdular. Lakin 2019-cu ilin payızında vəziyyət dəyişdi. İŞİD ard-arda məğlubiyyət yaşamağa başladı. İşğal edilmiş ərazilərin çoxunu ondan geri aldılar. Qruplaşma mübarizəni məcburən digər cəbhələrdə davam etdirirdi. Rus hərbçilərini öldürür, Suriya əsgərlərinə tələ qurur, Mali və Levantı geri alacaqlarına söz verirdilər.

Bağdadi sentyabr ayının ortalarında nəşr olunan bir yazıda “Hər gün  fərqli cəbhələrdə iş gedir”, – demişdi. Dünya nəfəsini dərmədən İŞİD-in nə edəcəyini gözləyirdi. Lakin ən böyük zərbəni də elə İŞİD özü aldı. 27 oktyabrda ABŞ prezidenti Donald Tramp İŞİD liderinin məhv edildiyini elan etdi.

img

“O, qaçaraq və ağlayaraq, bir qorxaq kimi öldü. Və dünya daha təhlükəsiz oldu”, – deyə Tramp bəyan etdi.

O vaxta qədər bir nömrəli cinayətkarın ölüm xəbəri bir neçə dəfə yayılmışdı. Lakin o, 2019-cu ilin payızında həqiqətən zərərsizləşdirildi. Bağdadinin ölümü həm İraqın xüsusi xidmət orqanları, həm də İŞİD-in özü tərəfindən təsdiqləndi.

Həmin dönəmdə terrorçuların aktiv hücum əməliyyatları aparmaq üçün  resursları demək olar ki yox idi və baş ideoloqun ölümü onları daha da geri atdı.

YENİ XƏLİFƏ

Bağdadi bütün proseslərə şəxsən nəzarət etməsə də, təşkilat yeni lider olmadan işlərin öhdəsindən gələ bilməzdi. Dərhal varis tapmaq lazım idi. Axtarışlar uzun sürmədi. Terrorçular bir həftənin içində xəlifə olaraq kimi görmək istədiklərini açıqladılar. Bu, “başkəsən professor” Əmir Məhəmməd Əbdül Rəhman əl-Mövli əl-Səlbi idi.

img

Əl-Bağdadi özü də istəyirdi ki, onu ABŞ düşərgəsindəki dostu əvəzləsin. Hətta 2019-cu ilin avqustunda bu barədə danışmışdı da. Həmin vaxt bu sözlər reallıqdan uzaq görünürdü. Heç kim təsəvvür belə, etməzdi ki, iki ay sonra ABŞ xüsusi xidmət orqanları İŞİD liderini aradan götürəcək.

Sələfinin ölümündən sonra əl-Səlbi yeni bir ad altında meydana çıxdı – Əbu İbrahim əl-Haşimi əl-Qureyşi. İŞİD öz liderlərini təqiblərdən qorumaq üçün adətən psevdonimlərdən istifadə edir. Lakin ola bilsin ki, əl-Səlbi ilə bağlı məsələ bir qədər fərqlidir. Qruplaşmaya adətən Məhəmməd peyğəmbərin soyundan gələn, semit xalqlarının (Yaxın Şərqdəki etnik çoxluq) nümayəndəsi olan biri liderlik edir. Yeni lidersə türkməndir. Türkmənlər İraqdakı etnik azlıqdır və türk xalqlarına aiddirlər. Ola bilsin sonradan əl-Qureyşi adı məhz bu səbəbdən seçilib.

Əl-Səlbinin tutulduğuna dair çoxsaylı söz-söhbətlərə baxmayaraq, çox güman ki, o, Mosulda gizlənib. Terrorçu həmişə “boz kardinal” olub. Məsələn, əl-Bağdadi beş il ictimaiyyətə görünməyə  və sonra qəzetlərin ön səhifələrinə çıxa bilirdisə, yeni lider “karyerası” dövründə bir dəfə də olsun üzünü göstərməyib. İnternetdə yayılmış fotosunun belə, ona məxsus olub-olmadığına heç kim əmin deyil.

10 MİLYONLUQ MÜKAFAT

Bu arada, ABŞ xüsusi xidmət orqanları bir nömrəli cinayətkarın axtarışını davam etdirirlər. İyun ayında onlar İŞİD liderinin tapılmasına kömək edən məlumat üçün mükafatın dəyərini ikiqat artırıblar. Hazırda vəd olunan məbləğ 10 milyon dollardır. Eyni məbləğ bir vaxtlar Bağdadi üçün də təklif olunmuşdu.

Yeni “xəlifə” əl-Qureyşi elə ilk günlərindən ABŞ-la əlaqəli istənilən  maliyyə əməliyyatında iştirakı qadağan edib. Beləliklə, onun başına mükafat qoyulub, adı isə ən təhlükəli terrorçular siyahısına daxil edilib.

Əl-Qureyşini tapmaq üçün təkcə mükafat üsulundan yox, həm də haqqında məlum olan minimum məlumatlardan da istifadə etməyə çalışırlar. Məsələn, qardaşı Adel Səlbi vasitəsilə. A.Səlbi Türkiyədə yaşayır və “Türkmən İraq Cəbhəsi” partiyasının üzvüdür. Bundan başqa, İŞİD liderinin bir oğlunun olduğu bilinsə də, haqqında heç bir məlumat yoxdur. Bu günə qədər heç bir iz xüsusi xidmət orqanlarını bir nömrəli terrorçuya apara bilməyib.

HƏYATDA QALMAQ UĞRUNDA…

Əl-Qureyşinin qarşısında çətin bir vəzifə durur. O, acınacaqlı vəziyyətdə olan “İslam Dövləti”nin gücünü bərpa etməlidir. Əlbəttə ki, terrorçular 2014-cü ildəki kimi özlərini təsdiqləmək üçün hər şansdan istifadə etməyə çalışırlar. Lakin qlobal olaraq xilafət çox parçalanıb və zəifləyib. Onun haqqında çox az şey eşidilir. Həm ABŞ, həm də Suriya əl-Bağdadinin ölümündən əvvəl qruplaşmanın məğlub olduğunu elan etmişdilər. Terrorçular isə şəhərləri yenidən işğal edə bilmirlər. İŞİD indi İraqda “canlanmağa” ümid edir. Bəzi məlumatlara görə, 2019-cu ilin dekabrında ekstremistlər ölkənin şimalında fəaliyyətlərini bərpa ediblər və bir neçə həftədə yüzlərlə hücum həyata keçiriblər. İSİD üzvləri aylıq pul köçürmələri almağa, yaraqlılar da təlimlərinə davam edirlər.

Güman ki, qruplaşma mərkəzi gücdən daha çox dünyanın müxtəlif nöqtələrinə səpələnmiş ardıcıllarına güvənir. Terrorçular hələ də sosial mediadan və internetin qaranlıq seqmentindən yeni tərəfdarlar cəlb etmək və hücumlara başlamaq üçün istifadə edə bilirlər.

Bu arada, yeni lider üçün bir nömrəli vəzifə nüfuzunun möhkəmləndirilməsindən daha çox, həyatda qala bilməkdir. Sələfi əl-Bağdadini ən yaxın tərəfdarlarının ələ verdiyi nəzərə alınsa, əl-Qureyşinin də eyni aqibətlə üzləşməyəcəyinə zəmanət yoxdur…

Tərcümə: mediapost

Terefsiz.az