Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq

0
43

Qazaxıstan may ayından bu ilin sonuna qədər neft hasilatını gündəlik 78 min barel azaltmaq niyyətindədir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan may ayından 2023-cü ilin sonuna qədər OPEC+ üzvü olan digər ölkələrlə birlikdə gündəlik 78 min barel həcmində könüllü olaraq hasilatın azaldılmasını həyata keçirəcək”, – bəyanatda deyilir.

Məlumata görə, bu ixtisar 5 oktyabr 2022-ci il tarixdə OPEC+ nazirlərin 33-cü görüşündə qəbul edilmiş hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.

Eyni zamanda Səudiyyə Ərəbistanı da may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq.

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, rəsmi Moskva könüllü olaraq gündəlik neft hasilatının 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacaq.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

“Terefsiz.az” məlumatına görə, İraqın Neft Nazirliyi (-211 min barel), Küveytin neft naziri Bader əl-Mulla (-128 min barel), Omanın Energetika Nazirliyi (-40 min barel/gün) ) və Əlcəzairin Energetika Nazirliyi də (-48 min barel/gün) neft hasilatını azaldacaqlarını bəyan ediblər.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib:

“Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir”.

terefsiz.az