” 29 ildə 29 qanun ” – Bənövşə Mahmud qızından tövsiyələr

0
479

” 29 ildə 29 qanun “

Mən Azərbaycan adlı balaca bir Qafqaz ölkəsində yaşayan xanımam. Təqvimə görə Noyabr ayının 16-sı 29 yaşım tamam oldu. Yəni, artıq 30 yaşım var. Bu hələ yeni başlamış 30cu ilim, həyatımın nə qədəridir, bilmirəm. Uşaqlıqdan bu yana faydalı olmaq qayəsində olmuşam. Həm orta, həm ali təhsil almışam. Özümü alim hesab etmirəm. Məni çox savadlı görənlərə elə olmadığımı bildirəcək qədər təvazökar, özlərini alim və hər şeyin ən düzünü bilənlərə qarşı isə iddialı, özünə inamı olan insanam. Mən heç vaxt özümü gözəl hesab etməmişəm, uşaqlıqdan. Lakin böyüdükcə əks cinsin sayəsində gözəl olduğumu öyrəndim. Həyatın çox qatı olan bəzi qanunları var ki, çox insan bunu gec yaşlarda, bəziləri isə ümumiyyətlə, öyrənmədən bu həyatdan köçüb gedir. Çox şükür ki, ağır imtahanlarla da olsa, mən artıq 30 yaşım tamam olmadan, o qatı qanunların nələr olduğunu müəyyən qədər yaşayıb, dərsimi almışam. Bu yazını nə qədər oxumağa səbriniz çatacaq, bilmirəm. Amma mənim aldığım dərslər aşağıdakılardır;

 

1. Heç vaxt heç vaxt demə.
2. Heç kəsi qınama. (Lağ da etmə)
3. Heç kəs əvəzedilməz deyil.
4. Həyatda hər şey olur.
5. Görünüş insan üçün ən böyük sınaqdır, halbuki, ən bəsit şeydir.
6. Bütün insanları sev, amma fərd şəklində yox.
7. Bu möhtəşəmliyin mütləq bir Yaradıcısı var və onu sev.
8. İnanclı olmaq bir insan üçün ən vacib olan şeydir.
9. Ədalətli ol, içi özün daxil olmaqla, hər kəsə qarşı.
10. Sənə zərər verən insanlardan sadəcə uzaqlaş. Sənin uğurların onlar üçün ən böyük qisasdır.
11. Üzr istəyəcək qədər böyük insan ol, amma üzr istəməyi saqqız edəcək qədər arsız olma.
12. Bu həyatda ən önəmli şey verdiyin sözü tutmaqdır. Tuta bilməyəcəyin sözlər vermə.
13. Hər tərəfli olaraq, yalançı ümidlər vermə.
14. Aldığın ən bahalı geyim, yediyin ən bahalı yemək o qiymətə dəyərdimi? Ehtiyacı olan insanları düşün, bir gün sən də ehtiyac içində ola bilərsən deyə yox, təmənnasız şəkildə düşün.
15. Yaxşılıq etməyə məcbur deyilsən, yaxşılıq etdiyin adamın da sənə qarşılıq vermək məcburiyyəti yoxdur.
16. Tənqid etmək və təhqir etmək fərqli şeydir. Bunları ayırd edə bilmirsənsə, heç birini etmə.
17. Şiddətə qarşı olmaq axmaqlıqdır. Ancaq ən güclü silah sözdür.
18. İncidilmək və incitmək istəmirsənsə, sevgi və məntiqi bir yerdə idarə etməyi öyrənməlisən. Həyatına girəcək şəxs necə olmalıdır və sən necə bir yol seçmisən, bunu dəqiqləşdir. Bu qanun işlərə də daxildir.
19. Uşaqları çox sev, qoru və maarifləndir, onlar bizim xilaskarımız və ya qatilimizdir. Buna istiqamət verən insanlardan biri ol.
20. Gözəlliyə, yaraşığa, pulun az və ya çoxluğuna qapılma. Çünki görünüş bir qəzaya, pul isə bircə müflisliyə baxır.
21. Qüsurlarını gizlətmə, başqalarının da qüsurlarını özlərinə deməkdən çəkinmə. Onlara xoş olmasa belə.
22. Yaşadığın ölkənin sistemindən narazısan? Yaşadığın mühitdən, ailədən narazısan? Bəs sən düzəlməsi üçün hansı addımları atmısan?
23. Azadlığını birinci öz ailəndə qazan.
24. Yalnış yerdə, yalnış insanlarla olmaqdansa tək qalmaq yaxşıdır, buna əmin ol.
25. Üsyankar, pessimist olmaqdan əl çək, sən realist olmalısan, çünki axmaq deyilsən.
26. Həyat nə kitablardakı kimidir, nə də kinolardakı kimi.
27. Yalnız kitab oxumaqla savadlı, dünyagörüşlü olmaq olmur. Həyatı yaşayaraq öyrənmək lazımdır.
28. Həyatınızdakı hər bir kəsin öz rolu və öz vaxtı vardır. Vaxtı gələndə hər kəs gedəcək, belə və ya elə. Buna öyrəş.
29. Ruhunu kin ilə mundarlama.

 

Siyahını uzatmaq olar. Lakin çox gözəl bilirəm ki, sizi ən çox şəkillər cəlb edir və çox vaxt oxumursunuz yazılanları. Hər bir halda mən yazıram. İstər görünüşüm, geyimim, həyat tərzim, yazılarım, şeirlərim sizi narahat etsin, hər bir halda mən varam. Var olduğum müddətcə əlimdən gələni edəcəm, sizə xoş olan və ya olmayan, amma düz bildiyim hər şeyi. Mən öz ailəsində də azadlığı qazanmış, azad ruhlu, təcrübəli, istedadlı, haqqını bilən, tələb edən, amma hər şeyi bilməyən, bacardığım qədər düzlərin yanında olan, çoxunuzun eqoist kimi, bəzilərinin nəzərində isə öz əxlaqları kimi qara düşündüyü, sadə bir xanımam.

Bənövşə Mahmudqızı

 

terefsiz.az