Kleberson Ronaldinyo tərəfindən necə tələyə salındığından danışıb

0
74

“Mançester Yunayted”in sabiq oyunçusu  Kleberson etiraf edib ki, “qırmızı şeytanları” seçməsi üçün Ronaldinyo tərəfindən aldadılıb.

Terefsiz.az məlumatına görə, bu barədə hazırda Filadelfiya Birliyi Akademiyasında məşqçi işləyən 40 yaşlı Klebersonun özü “FourFourTwo” kanalına müsahibəsində bəyan edib.

“Həmin vaxt məni iki komanda – “Mançester Yunayted” və “Lids” istəyirdi”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, həmin dönəmdə Ronaldinyo və onun agent olan qardaşı Azislə birlikdəydi. Ronaldinyo “Yunayted”in onların hər ikisi ilə maraqlandığını bildirib. Kleberson da razılıq verib.

“Onun mənimlə gedəcəyinə şad idim. Braziliyaya qayıdıb “Yunayted”lə danışıqlara  davam etdim. Ancaq Ronaldinyo məni aldatmışdı və Barselonanın isti havasını seçmişdi. Bu günə qədər biz bu mövzuda zarafatlaşırıq”, – deyə braziliyalı oyunçu bildirib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi “Old Trafforda” iki mövsüm oynayıb. 2005-ci ildə “Yunayted”i tərk edərək “Beşiktaş”a yollanıb. Lakin Kleberson etiraf edir ki, İngiltərədə qalmaması həyatının ən böyük səhvidir.